"Biz, xalq olaraq 600-lü rəqəmləri 100-dən aşağı sala bildik" ÖZƏL - AÇIQLAMA
"Biz, xalq olaraq 6 yüzlü rəqəmləri 100-dən aşağı sala bildik. Bu da təbii ki, dövlət və vətəndaşın həmrəyliyi nəticəsində mümkün oldu". Bu sözləri DİASPOR.İNFO-ya açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi sədr müavini Jalə Əliyeva ölkəmizdəki pandemik vəziyyəti dəyərləndirərkən deyib.
Onun sözlərinə görə, artıq yarım ilə yaxındır ki, COVID-19 pandemiyası bütün dünyanı təhdid edir, bütün dünya ölkələri ilə yanaşı Azərbaycanı da narahat edir, lakin, bu 6 ayda keçilən yola nəzər salsaq ölkəmiz sözün əsl mənasında bu çağırılmamış "qonaqla" mübarizədə bütün qüvvələri və imkanlarını səfərbər etdi: "Ən yüksək səviyyədə ölkə vətəndaşlarını qorumaq üçün böyük bir mübarizəyə qalxdı. Müvəffəqiyyətlə bu mübarizənin öhdəsindən gəldi. Statistik göstəricilər, əlimizdə olan rəqəmlər onu deməyə imkan verir ki, digər ölkələrlə müqayisədə Azərbaycan dövləti vaxtında atdığı addımlarla öz vətəndaşlarını bu bəladan maksimum şəkildə qoruya bildi. Pandemiyanın birinci mərhələsi kimi səciyyələndirdiyimiz dövr ölkəmiz üçün yüngül keçdi. Yoluxma sayı 100-dən aşağı idi, ölüm sayı demək olar çox az, yox səviyyəsində idi və sağalmaların sayı isə kifayət qədər çox idi. Bütün bunlar ölkə vətəndaşını düşünərək atılan addımların sayəsində mümkün oldu".
Sədr müavini bildirib ki, tibbi-profilaktik tədbirlərlə yanaşı, eyni zamanda, sosial və iqtisadi sahələrdə də böyük işlər görüldü, dövlət öz vətəndaşını həqiqi mənada qorumağı bacardı: "Lakin, müəyyən bir dövrdən sonra vətəndaşlarda arxayınçılıq yarandı, birdən-birə bu virusun olduğu unuduldu və bu təyin olunan qaydalara riayət edilməməsinə gətirib çıxardı. Təbii ki, bununla da yoluxmaların sayı artdı. Bundan əvvəlki son bir ay yarım ərzində biz 6 yüzlü rəqəmlərə gəlib çatdıq və təbii ki, yenidən qadağalar sərtləşdirildi. Milli Məclis səviyyəsində İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi, cərimələr artırıldı, lakin, bütün bunlar gəlişi gözəl qərarlar deyildi. Heç kəs vətəndaşının cibindən pulun əskilməsinə tərəfdaş deyil. Lakin, bu şəkildə bəlkə də vətəndaşda narahatlıq hissi yaratmağa çalışdıq. Bu cərimələrdən ehtiyatlanaraq vətəndaşların çağırışlardan nəticə çıxarıb qaydalara əməl etmələrini gözlədik. Həqiqətən də nəticəsi oldu. Biz artıq ikinci mərhələ andandıra biləcəyimiz dövrü də rahat bir şəkildə başa vururuq. Biz, xalq olaraq 6 yüzlü rəqəmləri 100-dən aşağı sala bildik. Bu da təbii ki, dövlət və vətəndaşın həmrəyliyi nəticəsində mümkün oldu".
Jalə Əliyeva vurğulayıb ki, Prezident İlham Əliyevin artıq şüar kimi səslənən fikri "Biz birlikdə güclüyük!" hər bir vətəndaşın ayıq-sayıq şəkildə qaydalara riayət etməyə səsləyən bir çağırış idi və nəticədə biz statistikanı aşağı sala bildik. Millət vəkili qeyd edib ki, uzun müddət ictimai iaşə obyektləri, iri ticarət obyektləri və alış-veriş mərkəzləri bağlı qaldı, rayonlara gediş-gəliş məhdudlaşdırıldı, lakin, bütün bunların arxasında insan amili, ölkə vətəndaşının sağlamlığını qorumaq prinsipi dayanır: "Bu gün yenidən açılmalara gedilməsindən söhbət gedir. Uzun müddətdir ki, insanlarımız qapalı karantin rejimdə qalıb. Yay vaxtlarında bu daha dözülməz və çətin oldu. Övladlarımızın istirahəti və əyləncəsi üçün problemlər yarandı. Bütün bunların təbii ki, öhdəsindən gəlmək olar. Bir müddət istirahətsiz qalmaq olar. Evdən çıxmamaq da problem deyil. Biz bütün çağırışlarımızı bu istiqamətdə edirdik. Lakin, əgər bu gün Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda açılmalara gedilməsində heç bir problem görmürsə və müvafiq qərarlarla buna gedilirsə, təbii ki, biz də bu şəkildə davam etdirilməsini arzu edirik. Qarşıdan payız və qış ayları gəlir və deyildiyi kimi "ikinci dalğa" başlaya bilər. Buna hazır olmaq üçün sağlamlığımızın möhkəmlənməsi ehtiyac var. Ən azından müəyyən müddətinə də olsa sarı və narıncı zolaqlar üzrə rayonlararası gediş-gəliş təmin olunarsa insanlarımız da dincəlmək imkanı qazana bilər. Yeni iş mövsümünə, yeni tədris ilinə və digər fəaliyyətlərə daha möhkəm bir səhhətlə, sağlam şəkildə qayıtmış olar. Əlbəttə arzuladığımız odur ki, dövlətimiz və vətəndaşlarımız sağ-sağlamat bütün bu və digər problemlərin öhdəsindən gələ bilsin. Bununla da rahat bir şəkildə sosial və iqtisadi inkişaf təmin edilsin. Nəticə də bütün bu yumşalmalar məsuliyyətsizliyə gətirib çıxarmamalıdır. Unutmamalıyıq ki, bu gün yumşalmalara gedilən bir dövrdə məsələyə laqeyd yanaşmağımız yenidən bizim üçün problemlər yarada bilər".
Müəllif: Nigar Məmmədova