"ATƏT-in Mİnsk Qrupunun ötən illərdə fəaliyyətinə nəzər saldıqda daha çox dərk edilən budur ki, bunların missiyası münaqişəni ədalət prinsipi ilə Azərbaycanın xeyrinə həll etmək deyil". Bu sözləri Diaspor info-ya verdiyi açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov deyib.
İctimai Birliyin sədri vurğulayıb ki, ATƏT-in Mİnsk Qrupu daha çox işğal olunmuş Azərbaycan torpaqlarının Azərbaycan tərəfindən azad edilməsinə qarşı fəaliyyət göstərir və məqsəd güclü Azərbaycan ordusunun hücumunun qarşısını almaq, vaxt udmaq, ermənilərin mövqelərinin möhkəmləndirilməsinə xidmət etməkdir.
“Əgər münaqişənin ilk dövrlərindən və sonrakı aktiv müharibə fazasına keçdikdə hadisələrə nəzər salsaq görərik ki, bu gün Minsk Qrupunda iştirak edən üç dövlətin, əslində Azərbaycanın torpaqlarının işğalında ermənilərə böyük dəstəyi olub və hətta torpaqların işğal olunmasında ermənilərlə bərabər döyüşüblər. Faktlara nəzər salsaq, fikrimin təsdiqi tam aydınlığı ilə ortadadır. Sovet İttifaqının son dönəmlərində yaranan bu münaqişənin elə ilk mərhələsində Moskvanın dəstəyi bütün xalqımıza bəllidir. Xankəndidə baş qaldıran separatizm hərəkətlərinin qarşısını almaq əvəzinə, SSRİ Daxili İşlər Nazirliyinin daxili qoşunlarını və hərbi birləşmələrini o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinə yeridən sovet rəhbərliyi, əslində erməniləri qorumaq məqsədi daşıyırdı, nəinki münaqişəni həll etmək. Sonrakı baş verən hadisələr də bunu tam sübut etdi. Ermənistandan 200 min Azərbaycanlı qovularkən orada bu qoşunlar yox idi. Onları kim qorumalıydı? Suallar əslində çoxdur, amma cavabı da var və çox sadədir. Bu qoşunlar sona qədər erməniləri qorudu və aktiv müharibə fazasına keçiddə də ermənilərin tərəfində vuruşdu. Bütün Dağlıq Qarabağ Muxtar Vilayətinə gətiriliən hərbi texnika və sursatlar ermənilərə hədiyyə edildi. SSRİ-nin dağılması ilə Rusiyanın balansına keçən 366-cı motoatıcı polkunun Xocalıdakı iştirakı fakt olaraq çoxdan təsdiqlənib. Rusiyanın tanınmış hərbi reportyoru Aleksandr Nevzorovun TV-dən açıq etirafı bir daha döyüşlərdə Rusiya silahlı qüvvələrinin iştirakını təsdiq edir. Onun sözlərinə görə, Ağdərənin işğalı zamanı Pskov diviziyası burada döyüşürdü. Ermənistana bu gün də Rusiyanın silah hədiyyələri davam edir. Digər üzv Fransanın ermənilərə hərbi siyasi dəstək göstərməsi də sirr deyil. O vaxtkı prezident Mitteranın həyat yoldaşı Daniel Miterran Dağlıq Qarabağda döyüşmək üçün muzdluların yığılması və maliyyələşdirilməsi ilə məşğul idi. Şuşa batalyonunun döyüşçülərinin xatirələrində Kərkicahan döyüşlərində bu muzdlularla qarşılaşmaları haqqında çoxlu faktlar var.
Nəhayət, ABŞ dövlətinin Dağlıq Qarabağ separatçılarına ayırdığı maliyyə və Azərbaycana 1992-ci ildə tətbiq etdiyi 907-ci düzəliş. Bu düzəliş aktından sonra sanksiyalara məruz qalan Azərbaycan idi, işğalçı Ermənistan yox. Eyni zamanda, ermənilərə kömək edən bu ölkələrin tapşırığını yerinə yetirən digər müttəfiqləri də var idi. Qısa olaraq öz fikirlərimlə bu öəlkələrin Qarabağın işğalındakı rolunu təsdiqləyən bir neçə faktları qeyd etdim. Faktlar isə daha çoxdur. Bu gün də guya münaqişənin dinc yolla həll edilməsi üçün yaradılan bu qurumun fəaliyyətinə nəzər salsaq ötən illər ərzində ancaq ermənilərin xeyrinə fəaliyyət göstərmələrinin şahidiyik. Elə münaqişənin 30 ilə yaxındır həll olunmaması, BMT qətnamələrinin qəbul edilməsinə baxmayaraq işğal olunmuş ərazilərdən Ermənistan silahlı qüvvələrinin çıxarılmaması buna sübutdur. Əslində, başqa cür də olmamalı idi. Bu qrup elə bunun üçün yaradılıb. “İkili standartlar” deyirik buna, amma, əslində ikinci deyilən standart yoxdur, elə birmənalı ermənilərə dəstəkdir bu. Azərbaycanın zəif vaxtlarında, dünyadan ədalət gözlədiyi bir zamanda yaradılan bu qrupun vasitəçilik etməsinə razılıq verməsindən başqa yolu da yox idi. Pakistanın, Türkiyənin dəstəyindən başqa heç bir dəstəyi olmayan Azərbaycan ümidlə bu qrupun vasitəçilik missiyasına razılaşmaqla öz haqlı mövqeyinin dəstəklənəcəyinə tam inanmasa da dünyada demokratiya carçısı olan iki üzv dövlətdən-Fransa və ABŞ-dan ədalətli yanaşma gözləyirdi. Münaqisədə öz maraqlarını güdən, Ermənistana açıq dəstək verən Rusiyaya qarsı bu iki dövlətin təzyiq edəcəyini düşünən Azərbaycan artıq yanıldığını çoxdan hiss edir. Amma yenə də səbrlə öz haqlı mövqeyinə arxalanan Azərbaycan bu dövlətlərdən ədalət tələb edir. Bu dövlətlərin Ermənistanı dəstəklədiyini bilən Azərbaycan, sadəcə ATƏT-in Minsk qrupunda iştirakını indiki zamanda saxlamaqla bu qrupa inamını yox, sadəcə onların vasitəçilik missiyasını saxlamaqla neytrallaşdırmağa çalışır. Dünyanın qəbul etdiyi qanunlara, BMT nizamnaməsinə saymamazlıq göstərərək Qüdsdə səfirlik açan ABŞ-dan, regionda artıq jandarm rolunu oynayan Rusiyadan, Ermənistana sevgisini gizlətməyən Fransadan bizə qarşı daha qorxulu ssenarilərin şahidi ola bilərik. İndiki dönəmdə Azərbaycanın apardığı diplomatik addımlar şəraitə uyğun olaraq çox düzdür. Əgər bu günə qədər bizim üçün qorxulu ssenarinin baş verməsi həyata keçməyibsə, demək siyasətimiz düz qurulub. Bu isə Ümumilli Lider Heydər Əliyevin başlatdığı və İlham Əliyevin davam etdirdiyi uğurlu siyasətdir. Ordumuz güclüdür, kifayət qədər müasir silahımız var, Ermənistan bizimlə təklikdə döyüş apara bilməz, bu aydındır. Amma havadarlarını neytrallaşdırmadan biz müharibədə tam uğur qazanmağımız mümkün görünmür. Azərbaycanın son vaxtlar qardaş Türkiyə ilə başlatdığı hərbi-strateji müttəfiqlik siyasəti bu istiqamətdə atılan çox böyük gedişdir. Regionda bu gün oyunçuya çevrilən Türkiyənin Azərbaycanın hərbi-strateji müttəfiqinə çevrilməsi erməni havadarlarının gələcəkdə baş verəcək müharibədə Ermənistana açıq dəstəyini azaldır. Düşünürəm ki, ordu quruculuğunun davam etdirilməsi, Türkiyə ilə bu istiqamətdə başladılan birgə hərbi təlimlərin daha davamlı olması, Naxşıvanda Türk bazasının yaradılması indiki durumda ən optimal variantdır. Əslində, ermənilər və əsas havadarı Azərbaycanın gedişlərini anlayır və bütün cəhdlə bunu pozmağa çalışır. Tovuz təxribatı, qondarma qurumda keçirilən seçkilər, Şuşada təşkil olunan inaqurasiya mərasimi, Livan ermənilərinin guya məskunlaşdırılması, separatçı liderin Gəncəni bombalaması sərsəmləməsi, Şuşanın paytaxt edilməsi və sair verilən bəyanatlar bizim hislərimizlə oynamağa, xalqımızın səbrinə yönəlmiş addımlardır.
Diqqət edin, təxribat Ermənistan-Azərbaycan sərhədində baş verir, işğal olunmuş ərazilərdə olan mövqelərdən deyil. Çünki bununla bizə böyük şans verərdilər biz əks həmlə ilə torpaqlarımızın azad olunmasına başlayacaqdıq, aprel döyüşlərində olduğu kimi. Amma onların istədikləri bizi sərhəddə təxribata çəkmək və bizi Qarabağ istiqamətində hücuma vadar etmək idi. Buna nail ola bilmədilər. Lavrovun bir-biri ilə tam ziddiyyət təşkil edən bəyanatları isə fikirlərimi təsdiq edir. Azərbaycanın mövqeyi və atılan addımlar bunları narahat etməyə başlayıb. Bir sözlə, bizi provakasiyaya çəkmək, sonra isə bizim üçün qorxulu ssenarini işə salmağa başlamaqdır məqsədləri. Bu qorxulu ssenari isə Kosova kimi Qarabağın müstəqillyini tanımaq planıdır. Azərbaycan bunu gözəl anlayır, məhz bunun baş verməməsi üçün siyasətini səbrlə davam etdirir. Hesab edirəm ki, ATƏT-dən çıxmaqla bağlı çağırışlar əslində, haqlı fikirlərdir. Yuxarıda qeyd etdiyim faktlar da sübut edir ki, qrupun üzvləri erməni maraqlarına xidmət edirlər. Amma bu gün o addımı atmaq olmaz. Minsk qrupuna qarşı “Yalançını qapısına qədər qovarlar” xalq məsəlinə uyğun olaraq səbr nümayiş etdirməliyik. Müharibəyə isə hər an hazır olmalıyıq. Son və ədalətli həll yolu bütün hallarda budur. Amma başladacağımız müharibəni uğurla yekunlaşdırmaq və Ermənistana Azərbaycanın ərazi bütövlüyünü tanıtmaq üçün atılan bugünkü addımlar, mən hesab edirəm ki, düzdür. Biz Qarabağı işğaldan azad etməyə, əslində çox yaxınıq. İndiki məqamda dövlət də, xalq da çox ayıq olmalı hər bir məsələdə dövlətçiliyin qorunması üçün tələb olunan bütün qaydalara əməl olunmalıdır. 90-cı illərin acı təcrübəsi yaddaşlarımızdan çıxmamalıdır”, deyə Anar Xəlilov bildirib.