Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan ordusunun Tovuz istiqamətində yeni mövqelər tutmağa çalışdığını açıqlamaqla, bəlkə də karyerası boyunca ilk dəfə Azərbaycanın xeyrinə söz deyib, həqiqəti dilə gətirib. Onun bu açıqlaması Azərbaycana hansısa avantaj verirmi?
Məsələ ilə bağlı Diaspor info-ya açıqlama verən politoloq Zaur Məmmədov bunları deyib: “Rusiya XİN rəhbəri etiraf edib ki, iyul ayında Azərbaycan və Ermənistan orduları arasında toqquşma, məhz İrəvan tərəfindən başladılıb. Bu, məlumun elanıdır. Azərbaycan dəfələrlə məsələ ilə bağlı bəyanat versə də, biz nə Minsk Qrupundan, nə də qonşu dövlətlərdən - Türkiyə istisna olmaqla - Ermənistanın provokasiya ilə bağlı ünvanına heç bir bəyanatla rastlaşmadıq. Lavrov bundan əvvəl də danışıqlar masasında mərhələli həll variantının olduğunu, lakin Ermənistanın yeni rəhbərliyinin danışıqları iflic etdiyini bəyan etmişdi. Provokasiyanın Ermənistan tərəfindən başladığını deyən Lavrova sual vermək lazımdır ki, o zaman necə olur ki, Rusiya tonlarla silahı döyüşlər getdiyi vaxt Ermənistana göndərdi?”.