"Qanun mənə şamil edilə bilməz yaxud virus mənə yoluxa bilməz düşüncəsi eyni məntiqsizliyə söykənir və hər ikisi cahillikdir. Azərbaycanda hüquqi dövlət ona görə yaradılmayıb ki, kimlərinsə qanunu pozmalarını ört-basdır etsin tam əksinə ona görə yaradılıb ki, qanunu pozanları hüquqi məsuliyyətə cəlb etsin. Bunu hamıdan yaxşı hüquqşünaslar bilir, ya da bilməlidir". Bunu Diaspor info-ya açıqlamasında Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib. O, bildirib ki, qanun qarşısında hamı bərabərdir, ancaq müəyyən sosial zümrə var ki, onlar qanunlara daha ciddi riayət etməklə həm də nümunə yartmalıdırlar: "Bu zümrə cəmiyyətdə yüksək sosial statusa malik olan və müxtəlif strukturlarda vəzifə tutan zümrədir. Çünki onlar daima ictimai diqqətin mərkəzində olurlar və daha çox ictimai məsuliyyət daşıyırlar. Ona görə də, qanun pozuntusuna görə vətəndaşların hüquqi məsuliyyəti də bir növ kateqoriyalandırılır. Məsələn eyni qanun pozuntusuna görə fiziki şəxslər az, vəzifəli şəxslər bir qədər çox, hüquqi şəxslər isə daha çox məsuliyyət daşıyır və uyğun olaraq cərimələnirlər. Dolayısıyla hər bir vətəndaşın sosial status artıqca adekvat olaraq onun sosial məsuliyyəti də qanun qarşısında cavabdehliyi də artır. Hazırda pandemiyaya qarşı mübarizə bizi karantin rejimi adlandırdığımız xüsusi rejimdə yaşamağa məcbur edib və bu ictimai mənavelərimiz baxımından olduqca vacibdir. Belə olan halda Operativ Qərargahın qəbul etdiyi qaydalara riayət etmək hər bir vətəndaşın ümdə vəzifəsinə çevirilir. Belə zamanlarda cəmiyyətdə istimai həssaslıq daha da artır və ictimai diqqət müvafiq sosial zümrənin üzərinə fokslanır. Həmin zümrənin nümunəvi olması belə zamanlarda daha da aktuallaşır". Deputat qeyd edib ki, elə bu günlərdə kifayət qədər tanımış, sabiq deputat İlham Əliyevin ailəsində təşkil edilmiş toy mərasiminə və orada iştirak edən qonaqların sosial məsuliyyətinə ictimai reaksiyanın belə kəskin olması da haqlı olaraq bununla əlaqədardır: "Hazırda ictimai rəyi emosional şəkildə məşğul edən sual bundan ibarətdir ki, belə həssas bir dönəmdə qadağan olunmuş tədbirin keçirilməsində məqsəd nə idi. Toy edənlər bu hadisənin ictimai rəydə necə kəskin etiraz doğuracağını doğurdan da hesablaya bilməmişdilərmi? Bu hadisənin indiki vaxta ümumi maraqlarımız baxımdan kimin lehinə olacağını düşünməmişdilərmi? Bax təəssüf doğuran məsələlərdən biri də cəmiyyəti belə lüzumsuz bir sualla üz-üzə qoymaqdır. Ona görə də əgər hesab edilibsə ki, bu mərasimdən heç kəs xəbər tutmayacaq ona görə də, qanunu gizli şəkildə pozmaq olar bu mənəvi sadəlöhvlükdür. Yox əgər bizim bilmədiyimiz daha başqa məqsədlər olubsa, bu daha da pis". H. Babaoğlu vurğulayıb ki, məsələnin ən xoşagəlməz tərəflərindən biri isə bəzi qonaqların hadisəni qiymətləndirən zaman öz açıqlamaları ilə ictimai rəyi provakasiya etmələridir: "Kimlər çəkib tapılacaq , yaxud çağrılmışam necə getməyim- kimi fikirlər xalqımızın milli mənəvi dəyərlərini istisamar etməkdir. Pandemiya bir müharibədir və bu müharibədə hamımız bir mənalı şəkildə milli iradəmizin legitim təmsilçisi Prezident İlham Əliyevin yanında olmalıyıq. Qanun onu pozanların hamısına , deputatına da vəzifəli şəxsinə də , aliminə də eyni dərəcədə şamil edilməlidir" .