"Avqustun 23 də cəbhənin Goronboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun təxribat törətmək cəhdi və qrupun komandirinin əsir düşməsi, Ermənistanın Azərbaycana qarşı növbəti dəfə terror və işğalçılıq siyasətinin davamıdır. Məlumdur ki, diversiya-kəşfiyyat qrupunun komandirinin üzərində bir sıra hərbi ləvazimatlar və şəxsi əşyalar aşkarlanıb və geniş ictimaiyyətə təqdim olunub. Bu Tovuz hadisələrindən sonra düşmənin ölkəmizə qarşı növbəti uğursuz təxribat cəhdidir". Bunu Diaspor info-ya açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri, politoloq Rufiz Qonaqov deyib.
Onun sözlərinə görə, mahiyyət etibarilə sobataj, diversiya və terror məqsədi daşıyan bu aksiyanın əsas hədəfi Azərbaycan Ordusunun hərbi hissələri və əsgərlərimiz olub: "Lakin ordumuzun ayıq sayıqlığı, peşəkarlığı nəticəsində bu aksiyaların nəinki qarşısı alınıb, eləcədə, düşmən itkilər verərək, qorxaqcasına geri qaçmağa məcbur olub. Ermənistan tərəfi əvvəllər olduğu kimi bu dəfədə öz itgilərini gizlətməyə çalışır. Mövcud vəziyyət bu ölkədə kifayət qədər ağır olduğundan, işğalçı ordunun itkiləri erməni xalqından mümkün qədər gizlədilir.Hazırda Ermənistanın sosial şəbəkələrində Ordumuza əsir düşmüş Qurgin Alberyanın dəyişdirilməsi ilə bağlı təkliflər irəli sürülür. Bu onlar üçün əsir düşmüş hərbiçinin nə qədər önəmli şəxs olduğunu göstərir".
R.Qonaqov vurğulayıb ki, Ermənistanın omdusmanı A.Tatoyan insan hüquqlarından dəm vurur: "Bu hansı insan hüquqlarıdır ki, Ermənistanın Cenevrə Konvensiyasının bütün tələblərini kobud şəkildə pozaraq, illərdir girov götürülmüş dinc vətəndaşlarımız Dilqəm Əsgərov, Şahbaz Quliyevə və Azərbaycanın digər dinc vətəndaşlarına işgəncələr verərək, vəhşicəsinə davranır. Nəhayət işğalçı və terrorçu Ermənistan anlamalıdır ki, Azərbaycanın onlara verəsi bir qarışda olsun torpağı yoxdur. Beynəlxalq təşkilatlar və ATƏT-in Minsk qrupu ya buraxılmalı, yada özündə cəsarət tapıb, düşməni öz adı ilə çağırmalıdır".