"Azərbaycan-Rusiya münasibətləri hansısa üçüncü ölkəyə görə pisləşə bilməz. Daha dəqiq desək, Rusiyanın Ermənistana görə Azərbaycanla düşmən olması mümkün deyil". Bu sözləri Diaspor info-ya açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar Komitəsinin üzvü, deputatı Anar İsgəndərov Rusiyanın Azərbaycan və Ermənistan arasındakı münaqişə fonunda məsələlərə təsirindən danışarkən deyib.
Onun sözlərinə görə, Rusiya Federasiyasının Azərbaycana olan münasibətini düşmən, Ermənistana olan münasibətini isə dost kimi qələmə vermək düzgün deyil: "Dövlətlər yaranandan bəri dövlətin dövlətə sevgisi olmayıb, dövlətin dövlətə marağı olur. Həm də dövlətlərin gücündən də çox şey asılıdır. Bu gün Azərbaycan müstəqil dövlətdir, öz siyasəti ilə müstəqildir. Azərbaycanın iqtisadi imkanları da buna imkan verir ki, heç bir dövlətlə münasibətdə onun təsiri altında olmasın. Azərbaycandan fərqli olaraq Ermənistan iqtisadi cəhətdən hansı vəziyyətdədir, məlumdur. Bununla bağlı yeni bir şey deməyə ehtiyac yoxdur. Bu gün Ermənistanı müdafiə edən dövlətlərin də vəziyyəti sabit qalmır. Bu mənada Rusiya bütün münasibətləri pozaraq Ermənistanı qanadları altına alıb Azərbaycana qarşı düşmən münasibətdə ola bilməz, bu yalnış fikirdir. Çünki, Rusiyanın Azərbaycan ilə birbaşa öz münasibəti var".
Millət vəkili vurğulayıb ki, eyni zamanda Azərbaycanı Rusiya Federasiyası ilə bağlayan çoxlu tellər var: "Rusiya ilə çox səmimi iqtisadi münasibətlərimiz var. Bu mənada hər bir dövlətin öz maraqları olmaqla yanaşı, Azərbaycan-Rusiya münasibətləri də hansısa qonşu dövlətə görə pisləşə bilməz. Münasibətlər kəskinləşə bilməz. Lakin dövlətlərin biri-birinə olan iddiaları var. Necə ki, bir həftə bundan öncə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Rusiya başçısı Putinə telefon zəngi edərək Rusiya Federasiyasından Ermənistana 400 tonluq hərbi silahın göndərilməsini araşdırdı. Dövlətlərarası münasibətlərdə dövlət başçılarının işi münasibətlərin hansı formada olmasını tənzimləmək və ya münansibətlərlə bağlı boşluq varsa həmin boşluqları doldurmaqdır".
Anar İsgəndərov qeyd edib ki, bu mənada, kiçik bir Ermənistana görə Rusiya Federasiyasının Azərbaycana qarşı olan münasibətində və siyasətində dəyişiklik etməsi mümkün deyil: "Həm də Belarusda baş verən hadisələr onu göstərir ki, hər bir dövlət indi özünü, öz süverenliyini, öz müstəqilliyini, öz maraqlarını qorumağa çalışır. Bir dövlət özünü başqa bir dövlətə görə oda atmaz, bu günə qədər də atmayıb".