Azərbaycanda "Tikinti materiallarının, məmulatlarının və konstruksiyalarının təhlükəsizliyi haqqında" texniki reqlamentin istinad standartları qismində nəzərdə tutulan və beynəlxalq standartlar əsasında hazırlanmış 23 yeni dövlət standartı layihəsi müzakirə olunub.
Diaspor info bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutuna (AZSTAND) istinadən xəbər verir.
Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun bazasında təsis edilən "Tikinti materialları, məmulatları və konstruksiyaları" standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 10) növbəti iclası keçirilib. İclasda AZSTAND-la yanaşı, Energetika Nazirliyi, S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu, Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) və "Penoplex Prikavkazye" MMC-nin nümayəndələri iştirak ediblər.
İclas zamanı "2026–2028-ci illər üzrə Milli Standartlaşdırma Proqramı"na və AZSTAND/TK 10-un 2026-cı il üzrə İş Planına daxil edilmiş yeni dövlət standartlarının layihəsi müzakirə olunub. Müzakirələr zamanı standart layihələri üzrə təqdim olunan rəy və təkliflər nəzərdən keçirilib, sənədlərin təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Həmçinin Texniki Komitənin cari fəaliyyəti və qarşıda duran vəzifələrə dair müzakirələr aparılıb.