ZAQATALANIN DAĞLI KƏNDİNDƏN TÜRKİYƏNİN HAYMANA SPOR AİLƏSİNƏDƏK …
İSTƏK, QƏTİYYƏT, ƏZMKARLIQ VƏ NƏTİCƏ.
Zaqatala rayon Dağlı kənd sakini, Qadın futbolu üzrə Azərbaycan Millisinin üzvü, “Haymana spor”
Türkiyənin qadın futbol komandasının oyunçusu Aysun Muradovanı yaxından tanıyaq. 
Zaqatala rayon Dağlı kəndi əsasən Saxurların kompakt yaşadığı kənddir. Uzun illərdir Dağlı kənd sakini Çernobıl əlili Şəmsəddin dayı ilə dostluq edirəm. Dünən axşam yenə onunla “samavar” çayı içə-içə söhbət edirdik. Söhbət əsasında mənə dedi ki, kəndimizdə park açılıb və axşamçağı bütün qadın və uşaqlar oraya istirahət etməyə gedir. Mənim ilk diqqətimi çəkən məqam kənddə istirahət parkının açılması oldu. Odur ki, israrla oraya getməyi təklif etdim. 
Gördüyüm mənzərə məni valeh etdi. Təxminən 22 yaşlı bir qız uşağı, (futbolçu) altı sot bələdiyyə torpağını icarəyə götürərək gözəl bir məkan düzəldib. Parkda azyaşlı uşaqlar üçün təxminən 1–6 yaş uşaqların oynaması və əylənməsi üçün hər bir şərait yaradılıb. Dörd tərəfi nazik, ensiz taxtalarla (rus çəpəri) bağlanıb ki, bu da təhlükəsizlik baxımından çox ağıllı düşünülüb. İstirahət parkının kənarında böyük futbol stadionu da vardır, onun girişində də bir neçə idman alətləri, turniklər vəs quraşdırılıb ki, burada da gənclər asudə vaxtını səmərəli təşkil edə bilər. 
Aysun Muradova ilə tanış olub ilk sualımı verdim. Bu ideya sənin ağlına haradan gəldi? Aysun dedi ki, uşaqlıqda parka getmək arzum, istəyim olub ancaq kəndimiz rayon mərkəzindən xeyli uzaqda yerləşdiyinə görə arzum gerçəkləşə bilmirdi. İçimdəki bu boşluğu və mənim uşaqlıqda yaşadıqlarımı kəndimizin balaca fidanlarının yaşamaması naminə bu “İstirahət və Əyləncə” parkını yaratdım.
Mən qadın futbolu üzrə Azərbaycan Millisinin üzvüyəm. Türkiyədə futbol oynasam da ürəyim həmişə Vətənimlə döyünür.
İstirahət Parkında oynayan azyaşlıların sevinci məni bir jurnalist kimi xeyli düşündürdü. Azərbaycanda yüzlərlə kənd bələdiyyə sədri tanıyıram ki, nə vaxt söhbət edirsən dəsmal götürüb ağlaşma qurur. Deyirlər ki, dotasiya olmasa dolanışığımız olmaz, hətta maaşları belə verə bilmərik. Bu balaca qızcığaz öz hərəkətiylə bütün bələdiyyə sədrlərinə “Master Klass” göstərdi, desək yanılmarıq. 
Xüsusilə torpaqları su qiymətinə, tələmtələsik sataraq gələcək nəsillərin ev tikməsinə bir sot torpaq saxlamayan Bələdiyyə sədrləri bu qızdan dərs alsalar yaxşı olardı. Bu gün bələdiyyə sədrləri bir km asfalt çəkdirməyin nə qədər baha olduğunu kəndçiyə deyərək yaxasını kənara çəkməyi ustalıqla bacarır. Ancaq bax belə kiçik parklar açaraq həm yeni iş yerləri yarada bilər, həm də pul qazanaraq kəndin bir çox problemlərini həll edə bilərlər, sadəcə burada istək, qətiyyət və azcada olsa vicdan lazımdır.
Aysun xanımın yaratdığı bu iş gənclər üçün də bir nümunədir. Ali təhsilli yüzlərlə gənc tanıyıram ki, əlində pulu ola-ola nə iş görəcəyini bilmir. Hamı şəhərə parka gedə bilməz, buna həm vaxt, həm maddi imkan, həm də ailə vəziyyəti imkan verməyə bilər. Mən bu parkda yalnız körpə uşağı olan anaları və nəvələrini əyləndirməyə gətirən nənə və babaları gördüm. Kənddən şəhərə gəlmək həm nəqliyyat çətinliyi və zaman problemi yaradarsa, kəndin içərisində bu problemlər yoxdur.
Odur ki, əziz gənclər Aysundan nümunə götürün.











Əlmaniz Ələkbərli
Baş redaktor