Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III tura yekun vurulacaq. Diaspor info-nun məlumatına görə, günün ilk matçında "Zirə" "Sabah"ı qəbul edəcək.
Meydan sahibləri ilk iki matçda 4 xal toplayıbsa, "Sabah"ın 3 xalı var. Komandalar çempionatda 7 dəfə üz-üzə gəlib. Bunların ikisində "Zirə", üçündə isə qonaqlar qələbə qazanıb. Topların fərqi isə bərabərdir - 7:7. "Zirə” rəqibinə qarşı son 4 oyunda meydanı qolsuz və xalsız tərk etməyib.
Günün əsas matçında Azərbaycan derbisi gerçəkləşəcək. Son ölkə çempionu "Qarabağ" "Neftçi"ni qəbul edəcək. Bu, komandaların çempionatda 80-ci dueli olacaq. 29 görüşdə Ağdam təmsilçisi, 20-də isə flaqman meydanı 3 xalla tərk edib. 30 qarşılaşmada isə qalib müəyyənləşməyib. Topların fərqində də "Qarabağ"ın üstünlüyü var - 84:71. Ağdam klubu son üç Premyer Liqa matçında "Neftçi"dən qol buraxmır, paytaxt təmsilçisi isə 5 matçdır rəqibini məğlub edə bilmir.