Azərbaycan özünün tarixində bugünkü qədər firavan və qlobal iqtisadiyyata bağlı olmamışdır. 1994-cü il sentyabrın 20-də Bakıda Qərbin neft şirkətləri ilə bağlanmış neft sazişi müstəqil Azərbaycan Respublikasının yeni tarixinin şanlı səhifəsini açsa da, hasil olunacaq milyonlarla ton xam neftin tamamilə təhlükəsiz, siyasi və iqtisadi cəhətdən məqbul variantlarla dünya bazarlarına çıxarılması kifayət qədər mübahisəli və çətin məsələlərdən biri olmuşdur. Lakin Ulu Öndər Heydər Əliyevin prinsipial mövqeyi, tərəfdaşı inandırmaq bacarığı sayəsində Azərbaycan neftinin nəqli marşrutları barədə optimal qərarlar qəbul edilmişdir. Azərbaycanın neft strategiyasında özünəməxsus yer tutan Xəzər Neft və Qaz” sərgisi də 1994-2003-cü illərdə, Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə baş tutub. İlk sərgi 1994-cü ildə keçirilib. Həmin dövrdə Ümummilli Lider Heydər Əliyev bu sərgini "dünya neft-qaz şirkətlərini ölkənin neft-qaz sahəsinin inkişafına cəlb etmək üçün münasib platforma" hesab edərək,Azərbaycanda neft-qaz sənayesi üzrə ilk ixtisaslaşdırılmış sərginin keçirilməsi təşəbbüsünü dəstəkləyib. O vaxtdan etibarən, "Xəzər Neft və Qaz" sərgisi neft, qaz və energetika sahəsinin aparıcı mütəxəssislərinin görüşdüyü və memorandumların, habelə gələcək əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı meydançaya çevrilib. Burada neft-qaz hasilatı, maşınqayırma sənayesi, geologiya, bütün sahələr üzrə ixtisaslaşmış şirkətlər öz pavilyonları ilə iştirak edir. Bundan başqa eyni zamanda sərgi çərçivəsində elektroenergetika və alternativ enerji sahəsində fəaliyyət göstərən şirkətlər də iştirak edir. İyun ayının ilk günü başlayan, Bakı Enerji Həftəsi çərçivəsində keçirilən Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi artıq 27-ci sərgidir. Sərginin açılışında iştirak edən Prezident İlham Əliyev çıxış edib. Sərmayələri cəlb etmək baxımından Xəzər Neft və Qaz Sərgisi təşkilatçılarının rolunu yüksək qiymətləndirən dövlət başçısı bildirib ki, konfransın keçirildiyi ilk ildən etibarən Azərbaycan özünün dünyaya açıq olduğunu elan edib. Dəniz limanı, bütün istiqamətlərlə bizi birləşdirən dəmir yolu, avtomobil yolları və hava limanları mövcuddur. Azad olunmuş ərazilərdə üç yeni hava limanı olacaq. Onlardan biri artıq istifadəyə verilib. Azərbaycan 9 beynəlxalq hava limanına sahib olacaq. Azərbaycan üçün neft və qaz sahəsində BP strateji tərəfdaş və aparıcı investordur. Hazırda SOCAR və BP azad olunmuş Cəbrayıl rayonunda 200 meqavatdan artıq gücə malik elektrik enerjisi stansiyasının inşasını müzakirə edir.
Enerji amili, enerji diplomatiyası və bütün layihələr bizim iqtisadi potensialımızı gücləndirir, bizə imkan yaradır ki, cəsarətli islahatlarla yanaşı, neft-qaz sektorundan əldə etdiyimiz gəlirlər iqtisadiyyatımızın qeyri-neft sektoruna yönəldilsin. Bu il sərgidə iştirak edən ABŞ, Almaniya, Azərbaycan, Belarus Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, Hollandiya, İsrail, İspaniya, İsveçrə, İndoneziya, İtaliya, Qazaxıstan, Macarıstan, Norveç, Rumıniya, Rusiya Federasiyası, Serbiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə, Xorvatiya, Yaponiya, Yunanıstan şirkətləri neft hasilatı və enerji resurslarının daşınması, neft-qaz saxlama sistemlərinin təmin edilməsi üzrə avadanlıq, xidmət və innovativ texnologiyaların geniş çeşidini, platforma və üzən qazma qurğularını, boruların çəkilməsi və boru kəmərlərinin təhlükəsizlik sistemlərinin təmin edilməsi, eləcə də servis xidmətlərini təqdim ediblər. İştirakçıların 55 faizini Xəzər Neft və Qaz sərgisinin daimi iştirakçıları təşkil edir. Xüsusilə vurğulamaq lazımdır ki, tədbirlərdən birinin Şuşada keçirilməsi ilə bağlı təşəbbüsün irəli sürülməsi mühüm hadisədir. Dünyada məşhur energetiklərin Şuşada toplanması mühüm beynəlxalq hadisəyə çevriləcək.
Şəhla Qəniyeva
H.İskəndərov adına 206 nömrəli tam orta məktəbin tarix müəllimi