Təhsil eksperti DİM-də olan problemlərdən danışdı - AÇIQLAMA ÖZƏL
"Azərbaycan dünyada imtahan keçirmə modelinə görə, ön sıralardadır. Hətta pandemiya dövründə 400 mindən çox insanı birbaşa imtahan prosesinə cəlb edilib və hər hansı yoluxma hallarına rast gəlinməyib. Amma ən vacib məqam virusa yoluxan şagirdlərin imtahanda təkrar iştirakı ilə əlaqədardır". Bunu DİASPOR.İNFO-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Ekspertin sözlərinə görə, pandemiya səbəbindən imtahan iştirakçısında hər hansı bir əlamət müşahidə olunarsa, o imtahandan kənarlaşdırılır və həmin şəxsə imtahan şansı təkrardan verilmir: "Mən düşünürəm ki, bu çox ciddi bir problemdir. Çünki hər kəsin təhsil almaq hüququ var və bu hüquq məhdudlaşdırılmamalıdır. Ən azından özünü imtahana hazırlayan şəxslər ayrıca otaqlarda imtahanlara cəlb edilə bilər. İkincisi əsas problem 2020-ci ilin mart ayından etibarən ölkədə pandemiyadır və 2020-ci ilin sentyabrın 27-dən bizim zəfərlə başa çatan Vətən müharibəmiz var. Bunların hər biri tədris prosesinə təsir göstərir və mən düşünürəm ki, bu imtahanların təşkilində tərtib ediləcək test taşırıqları zamanı nəzərə alınmalıdır".
K.Əsədov vurğulayıb ki, bundan başqa vacib məqam imtahanlardakı sualların modelləri ilə əlaqədardır: "Xüsusən 9-cu və 11-ci siniflərin buraxılış imtahanlarında dinləmə və anlama tipli test tapşırıqları var ki, onları məhz qeyd etdiyimiz səbəblərdən dolayı salmamaq lazımdır. Fikrimcə, bu il uşaqları daha çox sadə suallarla imtahan prosesinə cəlb etmək olar. Digər tərəfdən Dövlət İmtahan Mərkəzi özünün ayrıca vəsaitlərini çap etməlidir ki, şagirdlər imtahanlara daha yaxşı hazırlaşa bilsinlər. Düzgür, Test Bankları çap edilir, lakin əyani vəsaitlər lazımı qədər yoxdur. Əvvəllər DİM-in dərslikləri vardı, lakin indi yoxdur. İndi kurikulum standartları ilə yazılan kitablarda abituriyentlər fərqli müəlliflərdən istifadə edirlər ki, bu da çətinliklərə səbəb olur. Düşünürəm ki, bu problemlərin həlli diqqətə alınsa, bizim imtahan iştirakçılarımızın nəticələri daha yaxşı olar".
Müəllif: Aysel Məmmədova