Qarabağın statusu olmayacaq: Rusiya dolayısı ilə bu qənaətdədir SİYASİ RAKURS
Yaxud, Türkiyə ilə hesablaşmadan regionda sülhə sahib olmaq mümkün deyil!
Qarabağ münaqişəsinin nizamlanması prosesi davam edir və söz yox ki, Azərbaycanın işğal faktına son qoymasından sonra həmin proses daha da sürətlənib. Lakin daha bir fakt budur ki, Azərbaycanın ədalətli, eləcə də beynəlxalq hüquq və tələblər kontekstindəki çıxışı, daha doğrusu, 44 günlük Vətən müharibəsində qazandığı qələbəsinin ardınca regionun iki əsas güc faktorlarının – Rusiyanın və Türkiyənin də cərəyan edən hadisələr fonundakı fəallıqları diqqət mərkəzində qalmaqdadır. Verilən bəyanatlardan, səslənən təkliflərdən, sərgilənən münasibətlərdən ilk əvvəl belə bir nəticə çıxarmaq olar ki, bu iki əsas güc regionda sülhün bərqərar olması ilə yanaşı, həm öz, həm də müttəfiq olduqları ölkələrin siyasi, iqtisadi maraqlarını təmin etmək istiqamətində bir araya gələ bilirlər. Fakt budur ki, Türkiyə Azərbaycanla, Rusiya isə Ermənistanla baxış hədəflərini müəyyən etməkdə, sonradan həmin hədəfləri ortaq nəzər nöqtəsinə doğru gətirməkdədirlər. Ancaq maraqlı cəhətlərdən biri də budur ki, bu kimi məsələlərdə Türkiyə ilə Rusiya ortaq məxrəcə gəlmək üçün, sözün əsl mənasında, səylər göstərməyə davam edirlər.
Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu: “Cənubi Qafqazın rifahı üçün 3+3 formatında, ikitərəfli, üçtərəfli görüşlər davam edir, bölgədə atəşkəsə nəzarət edirik”
Misal üçün, Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. SİTAT: “Biz Cənubi Qafqazda sülhün bərqərar olması üçün diplomatik həll yolu istəyəndə, buna razı olmayanlar indi siyasi çözüm istəyirlər, bəli, biz buna da razıyıq. Suriyada, Liviyada, Şərqi Aralıq dənizində, Qarabağda olanlar göz önündədir. Dağlıq Qarabağda 30 ildir işğal vardı, zülm vardı. Dəfələrlə diplomatik həll yolu irəli sürdük, razılıq olmadı. Noldu? Can qardaşımız Azərbaycan döyüş meydanına girdi, haqqını, işğalda olan torpaqlarını geri aldı. Amma indi diplomatiya, siyasi həll yolu istəyirlər, bəli, biz buna da varıq. Cənubi Qafqazın rifahı üçün 3+3 formatında, ikitərəfli, üçtərəfli görüşlər davam edir, bölgədə atəşkəsə nəzarət edirik, Ermənistan bu olanlardan dərs alıb, düzgün davranarsa, ən çox qazanc götürən Ermənistan olacaq”.
Türkiyə ilə Rusiyanın hətta Yaxın Şərqdəki siyasi maraqları üst-üstə düşməsə də, müxtəlif vasitələrlə müştərək siyasətlərini həyata keçirməyə nail olmaqdadırlar
Göründüyü kimi, cənab Çavuşoğlu bu bəyanatında bəlli dairələrə mesajını yollamaqla yanaşı, həm də vurğulayır ki, müharibə geridə qalıb, qalib də məğlub da məlumdur və yaxın gələcəkdə revznşizm mövqeyi ilə çıxışlar davam edərsə, bu heş də sülhün bərqərar olmasına müsbət nə isə verə bilməz. Qısacası, hər şey Ermənistanın və onun müttəfiqi olan Rusiyanın əlindədir. Ortaq məxrəc olacaqsa, regionun sülhü də təmin ediləcək və bu gün Türkiyə ilə Rusiyanın hətta Yaxın Şərqdəki siyasi maraqları üst-üstə düşməsə də, müxtəlif vasitələrlə müştərək siyasətlərini həyata keçirməyə nail olmaqdadırlar. O cümlədən, Qarabağ məsələsində də bu reallıq göz önündədir. Azərbaycan dövlətinin təşəbbüsü və diplomatik səyləri nəticəsində artıq Qarabağda Türkiyə ilə Rusiyanın birgə monitorinq mərkəzi fəaliyyət göstərir. Bu isə sübut edir ki, regionun iki əsas gücü ən çətin məqamlarda münasibətlərini qurub gələcək siyasi, iqtisadi potensiallarını tətbiq etmək marağını qoruyub-saxlamaqdadırlar.
Rusiya TŞ-nın sədr müavini Dmitri Medvedev: “Reallıqları Türkiyədən olan partnyorlarımızla müzakirə etməliyik”
Rusiya da bu məsələlərdə Türkiyə ilə eyni mövqeyi bölüşdüyünü bəyan edir. Məsələn, Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bugünlərdə bəyan edib ki, Qarabağdakı situasiyanı Türkiyə ilə də müzakirə etmək lazımdır. O, Qarabağdakı birgə monitorinq mərkəzinin yaradılmasını nümunə gətirərək bildirib ki, bunun özü də ümumi sabitliyin elementidir. SİTAT: “Biz regiondakı reallığı diqqətə almalıyıq. Reallıq isə budur ki, onu Türkiyədən olan partnyorlarımızla müzakirə etməliyik”. Yəni görünən budur ki, Rusiya Türkiyənin regional və beynəlxalq təsir gücünü qəbul edir və yaxın gələcəkdə aparılan müzakirələr əsnasında bütövlükdə Cənubi Qafqaz regionunda müştərək layihələrin həyata keçirilməsi mümkünlüyünü proqnozlaşdırmaq olar.
“Qarabağın statusuna gələndə isə onu indi müzakirə etmək olmaz”, deyən Medvedev necə deyərlər, bu məsələni tarixin zibilliyinə göndərib
Daha bir maraqlı məqam budur ki, istər müharibə vaxtı, istərsə də müharibədən sonra Azərbaycan Prezidenti cənab İlham Əliyev Qrabağa heç bir statusun verilməyəcəyi ilə bağlı bəyanatını səsləndirib. Rusiyanın dövlət başçısı Vladimir Putin isə öz bəyanatında Qarabağın Azərbaycanın ayrılmaz ərazisi olduğunu vurğulayıb – yəni rəsmi Moskva İrəvanın hərbi-strateji müttəfiqi olmasına baxmayaraq, Azərbaycanın apardığı haqq işinə açıq dəstək göstərib.
Bu gün isə Medvedev dolayısı ilə bəyan edir ki, Qarabağa heç bir status verilməyəcək və bu məsələ gündəmdə deyil. Üstəlik, nəinki tərəflərin bu məsələdəki mövqelərinin bir-birindən fərqləndiyini, hətta Ermənistanın özündə də bu məsələdə fikir ayrılıqlarının olduğunu vurğulayıb. “Qarabağın statusuna gələndə isə onu indi müzakirə etmək olmaz”, deyən Medvedev necə deyərlər, bu məsələni tarixin zibilliyinə göndərib.
Belə olan halda, regionun iki əsas gücləri – Türkiyə və Rusiyanın demək olar ki, yaxınlaşma siyasətləri əgər qarşıda yeni problemlər çıxmazsa davam edəcək və davam da edəcəksə, bu reallıq bölgədəki sülhün, ədalətin bərpasına münbit təsirlərini göstərəcək.
Rövşən RƏSULOV