II Qarabağ müharibəsi qəhrəmanları - Tərlan və Sadəddin (VİDEO)
Müsahiblərimiz ötən ilin 44 günlük II Qarabağ müharibəsində Şuşa və Suqovuşan rayonları istiqamətindəki döyüşlərdə iştirak edən, Şəki rayonunun Baş Zəyzid kəndinin yetirmələri, 23 yaşlı cəsur əsgərlər - Həsənov Tərlan Rafiq oğlu və Bayramov Sadəddin Aydın oğludur.
Cabir Məmmədov: Sizi salamlayıram. Ötən il xalqımızın və dünya ictimaiyyətinin yaddaşında tarixi qələbə ili olaraq qaldı. Ali Baş komandan, cənab İlham Əliyevin ardıcıl və uzaqgörən siyasəti, xalqımızın cəsur, qorxmaz igidlərinin rəşadəti sayəsində torpaqlarımız işğaldan azad oldu.
Tərlan sən də, dostun Sadəddin də Vətən uğrunda döyüşlərdə mərdlik göstərmisiniz, cəsurluq edərək hərb meydanında fərqlənmisiniz...
Tərlan! Mediada sənin barəndə müəyyən məlumatlar var. İstərdim ki, sən həyat yolunu və Qarabağ müharibəsinə yollanmağını bir daha bizə danışasan... Nəyə görə sənə döyüş yoldaşların “qumbara Tərlan” deyirlər?
Tərlan Həsənov: Mən də sizi salamlayıram. Məni və həm sinif yoldaşım, həm də məslək dostum olan Sadəddini studiyaya dəvət etdiyinizə görə təşəkkür edirəm.
Mən 16 iyul 1997-ci ildə Şəki rayonunun Baş Zəyzid kəndində dünyaya gəlmişəm. Kəndimizdəki tam orta məktəbdə Sadəddinlə eyni sinifdə təhsil almışam.
Daha sonra ali təhsil almaq qərarına gəldim və imtahan verərək, Azərbaycan Texniki Universitetinin “Avtomatika və kompüter texnikası” fakültəsinə qəbul edildim. 2014-2018-ci illərdə həmin universitetin bakalavr pilləsini “Proseslərin avtomatlaşdırılması, mühəndisliyi” ixtisası üzrə bitirmişəm. Ali təhsil aldığım illərdə informatikanın müasir tədrisi üsulları, proqramlaşdırma ilə maraqlanırdım, bu sahənin incəliklərinə bələd olmaq üçün müvafiq ədəbiyyat və praktiki təlimlərdə iştirak edirdim. Müəllimlərimlə ünsiyyətdə olarkən, bu sahənin daha da təkmil olması üçün yeni ixtiralarla maraqlanırdım, bir sıra şəxsi icadlarım və təkliflərim də vardı... Magistr təhsili almağı da düşünürdüm... Vətənin azad edilməsinin daha önəmli olması fikri məni rahat qoymurdu...
2019-cu ilin oktyabr ayında həqiqi hərbi xidmətə getdim. Hərbi xidmətimi bitirdiyim il əslində mən tərxis olunmalı idim... Lakin bildiyiniz kimi, 27 sentyabr 2020-ci ildə tarixi torpaqlarımızın azadlığı uğrunda müharibə başladı. Mən bu xəbərə çox sevindim. Ləyaqətsiz və şərəfsiz düşmənimizdən qisas almaq üçün fürsət yaranmışdı. Daim düşünürdüm ki, kaş ki, Ali Baş komandanın əmri ilə mən də könüllü olaraq cəbhəyə gedəydim...
Döyüş yoluma Goranboy rayonunun Gülüstan kəndi istiqamətində başladım və daha sonralar isə Tərtər rayonunun Talış kəndi və Suqovuşan rayonlarındakı müxtəlif yüksəkliklərdə davam etdirdim.
1 oktyabr 2020-ci ildə Tərtər rayonunun Talış kəndindəki Ağ uçuq adlı məntəqədə olan döyüş əməliyyatı zamanı komandirin əmrinə əsasən düşmən mövqeyini məhv etməli idik. Mən döyüş yoldaşlarımla birgə uğurla irəlilədikcə, düşmən bunu anlayırdı və hiyləgər planlar etməyə, tələ qurmağa çalışırdı. Lakin biz bu tələni sezmişdik. Ona görə də ehtiyatı əldə verməməyə çalışırdıq, mövqeləri qoruyurduq.
Ağ uçuq məntəqəsindəki 20 nəfərə yaxın döyüş yoldaşlarımla birgə hücum əməliyyatı yerinə yetirərkən, bizim olduğumuz əraziyə əl qumbarası atıldı... Həmin anda mən düşündüm ki, döyüş tapşırığımız yarıda qalmamalıdır, mən şəhid olsam da, dostlarımı xilas etməliyəm! Bu düşüncə ilə mən həmin qumbaranın üzərinə atıldım və bununla qəlpələrin ətrafa yayılmasının qarşısını aldım... Hiss etdim ki, qumbara partladı, şok vəziyyətinə düşdüyümü xatırlayıram.
Döyüş yoldaşlarım məni hərb meydanından çıxara bildilər, aldığım yaraları hərbi məntəqəmizdəki həkim sağaltdı... Sonradan bildim ki, Tərtər rayonu azad edilib. Bu xəbərə çox sevindim, demək ki, etdiyim cəhd boşuna deyilmiş...
Döyüş yoldaşlarım indi də necə sağ qaldığımı xatırlayıb, o anları yad edirlər...
Cabir Məmmədov: Beləliklə sən “Qumbara Tərlan” adını aldın! Cəsarətli hərəkətinlə dostlarını xilas etmisən! Həqiqətən də səni Allah qoruyub. Bundan sonrakı planların necədir?
Tərlan Həsənov: Bəli, hərbi xidmətimə davam etmək üçün yenidən o bölgəyə gedəcəyəm! Hazırda Qarabağ bölgəsindəki əsgər yoldaşlarım və mən müsbət əhval ruhiyyədəyik, döyüş ruhu bizi hələ də tərk etməyib ... Zəfər xəbərləri bizi çox sevindirdi.
Cabir Məmmədov: Sağ salamat gedib qayıdasan Tərlan!
Sadəddin! Sən döyüş bölgəsində qolunu ağır yaralamısan... Həyat və döyüş yolun barədə danışmağı xahiş edirik...
Sadəddin Bayramov: Mən də sizi salamlayıram və aktual məsələləri işıqlandırdığınız üçün sizə təşəkkür edirəm.
17 fevral 1997-ci ildə Şəki rayonunun Baş Zəyzid kəndində dünyaya gəlmişəm. Orta təhsilimi kəndimizdəki tam orta məktəbdə almışam.
5 aprel 2015-ci ildə hərbi xidmətə yollanmışam. 2016-cı ildə N saylı hərbi hissənin əsgəri olaraq aprel döyüşlərində iştirak etmişəm. O döyüşlərdə Mirzəyev Nurəddin Etimad oğlu, İsgəndərov Nicat, Quliyev Səyyar, Hüseynov Əlvan və digər əzizlərim şəhid adını qazanıblar... Bütün bu olanlar məni dərindən sarsıtdı, düşmənə nifrətim artdı. Bu səbəbdən daim Vətən torpaqlarının azad edilməsi niyyəti daim məni narahat edirdi...
2020-ci ildə səfərbərlik elan ediləndə, könüllü olaraq hərbi hissəyə getdim və həmin ilin 29 sentyabrda Qarabağ uğrunda döyüşlərə qatılmaq üçün xidmətə yola düşdüm. Həmin bölgədə böyük fəxr hissi və həvəslə hərb sənəti və döyüş taktikasının təlim edildiyi hərbi kurslarda iştirak etdim.
Topxana, Daşaltı, Şuşa, Xankəndi istiqamətindəki döyüşlərdə iştirak etmişəm.
8 noyabr 2020-ci ildə Xankəndi uğrunda olan döyüşlərdə ağır yaralandım. O an çox aydın yadımdadır... Gözlərim qaralırdı, “kəlmeyi-şəhadət” gətirdim, lakin qəlbimdə rahat idim... Sanki çoxdan arzuladığın niyyətimə yetmişdim...
Sonradan bildim ki, əsgər yoldaşım Orxa Şəkili məni döyüş meydanından çıxarıbmış... Uzun müddət hospitalda müalicə alsam da, sağ qolumda ağır zədə qaldı... Sonradan tərxis edildim...
Cabir Məmmədov: Allah sizlərin daim yardımçısı olsun! Sizin kimi oğullar döyüş yolu ilə gənc nəslimizə nümunəsiniz və bizim fəxrimizsiniz!
Bildiyim qədər sən “Şuşanın azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə, Tərlan isə Fəxri Fərmanla təltif edilmisiniz. Sizin ən böyük mükafatınız isə xalqın qəlbindəki yerinizdir!
Sizin kimi qəhrəmanların müasir şahidləri olan bizlərin borcu isə bu şücaəti qələmə alaraq, yaddaşlara həkk etməkdir.