"Ağdamda Türkiyə-Rusiya sülhə nəzarət birgə Monitorinq mərkəzi özfəaliyyətinə başlayıb. Monitorinq mərkəzinin açılışında Müdafiə naziri Zakir Həsənov, Türkiyə Cümhuriyyətinin Müdafiə nazirinin müavini Yunus Əmrə Qaraosmanoğlu və Rusiya Federasiyasının Müdafiə nazirinin müavini Aleksandr Fomin iştirak ediblər". Bunu Diaspor info-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.Ekspertin sözlərinə görə, 10 noyabr bəyanatından sonra Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı Azərbaycanda ictimai rəydə münasibət birmənalı olmayıb: "Ermənistan təxribatçı hərəkətlərinə davam etməklə xarici işlər naziri Ara Ayvazyan Azərbaycan torpaqlarına qanunsuz səfər edib. Bundan sonra Paşinyan diaspora nümayəndələrini də buraya göndərib. Bu kimi səfərlər bölgədə sülhə və təhlükəsizliyə təhdid törətməklə yanaşı, rus sülhməramlılarının bilavasitə nəzarətində olan ərazilərə həyata keçirilir. Fikrimcə, Türkiyədən gələn qardaşlarımızın birgə monitorinq mərkəzində fəaliyyətindən sonra Azərbaycanın milli maraqlarına zidd olan istənilən hərəkətlərin qarşısının alınacağını proqnozlaşdıra bilərik. Azərbaycan ictimaiyyəti və prosesləri yaxından izləyən məlumatlı şəxslər Türkiyə hərbçilərinin bu missiyada iştirakını ilk günlərdən gözləyiblər".İ.Hüseynov vurğulayıb ki, uzun müddət bununla bağlı danışıqlar gedirdi və detallar müzakirə olunurdu: "Artıq Monitorinq mərkəzi öz gücü ilə fəaliyyət göstərəcək və eyni zamanda, burada müasir texnologiyaların tətbiqi vasitəsilə sülhə nəzarət etmək istiqamətində fəaliyyət həyata keçiriləcək. Ümumilikdə bu Monitorinq mərkəzində Türkiyə ilə Rusiya arasında həyata keçiriləcək birgə fəaliyyəti müsbət qiymətləndirmək olar. Təbii ki, gələcək dövrlərdə sülhə nəzarətlə bağlı olan fəaliyyəti daha geniş qiymətləndirmək mümkündür. Çünki Ermənistan tərəfində revanşist fikirlər çoxluq təşkil edir, eyni zamanda da Ermənistanın keçmiş prezidentləri müxtəlif təxribatçı fikirləri və açıqlamaları ilə gündəmə gəlirlər. Rusiya ilə Türkiyənin fəaliyyəti geniş mənada hiss olunmalıdır. Düşünürəm ki, Monitorinq mərkəzinin fəaliyyətə başlaması sülhə və təhlükəsizliyə təhdid yaradan istənilən elementlərin qarşısını alacaq".