"Prezident İlham Əliyev Abşeron Rayon Mərkəzi Xəstəxanasının açılışında AzTV-yə müsahibəsində məmurlara çox ciddi mesalar verdi. Bu mesajlar nəinki Şuşada öz regional mərkəzlərini yaratmaq istəyənlərə, həm də ümumiyyətlə məmurlara öz işləri ilə məşğul olmasını və dövlət vəsaitlərindən istifadə edilməsinin səmərəliliyinin artırılmasına ünvanlanıb. Həm cənab Prezidentə Şuşada regional mərkəzləri, filialları yaratmaq istəyini bildirənlər, həm də digər regionlarda layihələri həyta keçirənlər bütün işləri dövlət büdcəsi hesabına icra edirlər. Heç kim öz şəxsi vəsaitini dövlətin layihələrinə xərcləmir. Amma hardasa bir layihələrin həyata keçirilməsi, yenidən qurma işlərinə başlanmasından danışılanda, o zaman büdcə vəsaitlərindən pay almaq üçün elə bil bir yarış başlanır". Bunu Diaspor info-ya açıqlamasında Milli Məclisin üzvü Azər Badamov deyib.
Deputatın sözlərinə görə, ölkə Başçısı çox düzgün olaraq qeyd etdi ki, regional idarələrin Şuşada nə işi var: "Şuşa mədəniyyət mərkəzi elan olunub. Bu şəhər tarixi, mədəni abidələrinin, milli memarlığının koloritliyini özündə əks etdirən, öz aurası ilə bu torpağa qədəm qoyan hər bir insanı valeh edəcək, məmur villalarından və iqamətgahlarından uzaq bir şəhər olmalıdır. İşğaldan azad olunmuş yaşayış məntəqələr "smart sity, smart village" layihləri ilə yenidən qurulub bərpa olunacaq. Bu ərazilərin idarə olunması Prezidentin səlahiyyətli nümayəndələri tərəfindən Prezident Administrasiyanın rəhbərliyi ilə icra olunacaq. İşğaldan azad olunmuş ərazilərin bərpası planlı və növbəli şəkildə həyata keçiriləcək. Yaşayış məntəqələrin baş planları hazırlanır, hansı işlər ilk növbədə görülməlidir, sonra növbədə hansı işlər gələcəksə hamısı qabaqcadan müəyyənləşdiriləcək".
A.Badamov vurğulayıb ki, beynəlxalq məhkəmələrdə ermənilərə təzminat davasını açmaq üçün bu yerlərin bərpasından əvvəl hüquqi baza yaradılmalıdır: "Heç kim qabağa düşüb özünü qəhrəmanlaşdıra, torpaqları zəbt edə bilməz. Dövlət hər bir işə çox ciddi nəzarət edəcək. Burada ictimai nəzarətin həyata keçirilməsi də vacib amillərdəndir. Ola bilsin ki, hansısa bir məmur bu ərazilərdə hansısa bir yolla torpaq zəbt edib özünə iqamətgah yaratmaq istəsə, dərhal ictimailəşməli və ictimai qınağa çəkməlidir. Biz hamımız görüləcək işlərə nəzarət etməklə Prezidentin rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərin daha düzgün şəkildə bərpa olunmasına töhfə verə bilərik. Bu gün işğaldan azad olunmuş ərazilərimizdə yeni idarəetmə modeli yaradılır. Düşnürəm ki, yeni idarəetmə modeli işğaldan azad olunmuş ərazilərimizi cənnətə döndərəcək və gələcəkdə bu təcrübə bütün ölkədə tətbiq olunacaqdır".