“Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin imzaladığı "Qarabağ Dirçəliş Fonudu"nun fəaliyyətinin təmin edilməsi haqqında fərman işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması üçündür. Bu, həm də işğaldan azad edilmiş ərazilərimizin dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik olan regiona çevrilməsi üçün həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin gücləndirilməsini, bu sahədə dövlət-özəl münasibətlərin tərəfdaşlığının inkişaf etdirilməsini nəzərdə tutur. "Qarabağ Dirçəliş Fonudu"nun fəaliyyətinin təmin edilməsi bilavasitə uzun müddət düşmən əsarəti altında olan regionların abadlaşlamasına, çiçəklənməsinə və inkişafına hesablanıb.” Bu sözləri Diaspor info-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.
Komitə sədri vurğulayıb ki, bu fərman ölkə başçısının, "Biz bütün ərazilərimizi bərpa edəcəyik, cənnətə çevirəcəyik, abadlaşdıracağıq və insanlar bu yerlərdə yenidən normal həyata qayıdacaq, qurub yaradacaqlar" fikirlərini özündə əks etdirməklə, Qarabağa olan sonsuz məhəbbətinin bir daha ifadəsi, təzahürüdür.
“Azərbaycan xalqı dövlət rəhbərinin, Cənab Prezidentin torpağa, vətənə olan məhəbbətini, sədaqətini hər bir çıxışında, eləcə də əməlində duyur və hiss edir. İşğaldan azad olunmuş ərazilərə, Füzuliyə, Qubadlıya, Ağdama, Xocavəndə, Şuşaya səfərlərində Cənab Prezidentin vətənə, torpağa sonsuz məhəbbəti özünü aydın şəkildə göstərdi.
Prezident-xalq və ordunun birliyi, əzmi möhtəşəm, unudulmaz, tarixi qələbələrimizi təmin etdi, 30 illik torpaq həsrətinə son qoyuldu. Düşmən tapdağı altında inildəyən kəndlərimiz, şəhərlərimiz əsarətdən qurtuldu, şəhidlərimizin ruhu da şad oldu.
Əlbəttə, Prezidentimizin əzmi, qətiyyəti, xalqımızın birliyi və vətənpərvərliyi, iqtisadi potensialımız, gücümüz və inkişafımız, beynəlxalq aləmdə dəstəklənməyimiz ümid verir ki, işğaldan azad olunan torpaqlarımızda tez bir zamanda həyat canlanacaq. Ümid edirik ki, uzun illər topaq həsrəti ilə yaşayan insanlar öz doğma yurd-yuvalarına qayıdacaq və öz xoşbəxt günlərinə qovuşacaqlar. "Qarabağ Dirçəliş Fondu"nun da bu sahədə fəaliyyəti sözsüz ki, səmərəli olacaqdır", deyə Tahir Rzayev bildirib.