“Beynəlxalq ictimaiyyət başa düşür ki, bölgədəki heç bir ölkə yeni bir müharibə, yeni bir qarşıdurma istəmir. Bölgədə ölkələr istəyirlər ki, sülh şəraitində, sülh içində yaşasınlar. Hər kəsin arzusudur ki, bölgədə çox böyük bir işbirliyi, əməkdaşlıq olsun”. Diaspor info Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri iş adamı Xaçatur Sukiasyan İctimai Televiziyaya verdiyi müsahibəsində deyib.
O, qeyd edib ki, Ermənistanın bütün qonşuları ilə iqtisadi əməkdaşlıq yolunu tutması lazımdır.
İş adamının sözlərinə görə, dünyada qonşu ölkələrin ÜDM-in 5-10% -i həcmində əməkdaşlığı mövcuddur.
“Ermənistanın heç bir qonşusu ilə əməkdaşlığı, iş birliyi yoxdur. Bütün qonşularla əməkdaşlıq yolu ilə getməliyik”, deyə Sukiasyan, bölgədəki kommunikasiyaların blokdan çıxarılmasından mümkün iqtisadi faydaların nümunələrini göstərib.
Bir nümunə olaraq iş adamı, iki mis-molibden zavoduna, Mehridən keçən bir dəmir yolu xətti açılarsa, məhsullarının rəqabət qabiliyyətinin artıracağına diqqət çəkib. Onun sözlərinə görə, Ermənistanda minlərlə müəssisə rabitənin blokdan çıxarılmasından faydalana, enerji daşıyıcılarının qiymətləri də əhəmiyyətli dərəcədə azala bilər.
Xatırladaq ki, 2021-ci il 11 yanvar tarixində Ermənistan, Rusiya və Azərbaycan rəhbərləri Moskvada bölgədəki iqtisadi və nəqliyyat kommunikasiyalarının blokdan çıxarılmasına dair üçtərəfli bəyanat imzalayıblar.