“Ermənistanın hüquq-mühafizə orqanları ciddi problemlə üzləşiblər, xüsusilə, ibtidai istintaq orqanları. 10 min insana qarşı fərarilik, mövqeləri tərketmə və döyüş meydanını qoyub-qaçma işi üzrə cinayət işləri açılıb”. Diaspor info xəbər verir ki, bu haqda “Joxovurd” nəşri yazır.
“Ona görə də bugünlərdə ibtidai istintaq müharibə vaxtı öz postlarını tərk etmiş və qaçmış adamları dindirməyə çağırır, adamlar isə qeyd edirlər ki, onlar müharibəyə hazırlıqlı getmişdilər. Lakin göydən alov yağırdısa, döyüş yoldaşları onların gözləri önündə külə çevrilirdisə başqa nə etmək olardı?”, deyə qəzet yazır və həmin ifadələrdən birini xatırladır: “Bizə başqa seçim qalmırdı, biz qaçmağa məcbur idik ki, xilas olaq. Nə etməliydik? Ölməliydik?”.
Nəşr yazır ki, bu kimi fikirləriu eşidərkən onlar başqa cür necə davranacaqlarını, hansı qanunamuvafiq qərar verəcəklərini bilmirlər. 10 min nəfərə qarşı cinayət işi açılıb, ancaq məlum deyil ki, istintaqa çağırılanlarla bağlı hansı qərar veriləcək.
Qəzet xatırladır ki, ötən gün parlamentdə çıxış edən baş nazir Nikol Paşinyan “Maarifçi Ermənistan” fraksiyasının lideri Edmon Marukyanın suallarını cavablandırarkən bildirib ki, 44 günlük müharibə ilə bağlı 10 mindən çox cinayət işi açılıb.