“Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması post-münaqişə dövrünün əsas siyasi hadisələrindən biridir və Prezident İlham Əliyevin diplomatik zəfəri kimi ciddi geostrateji əhəmiyyət kəsb edir”. Bu sözləri Diaspor info-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.
Onun sözlərinə görə, mahiyyətini və əhəmiyyətini dərk etmək üçün ilk növbədə bu Bəyannaməyə konseptual yanaşma vacibdir: “Yəni, biz bu sənədə Azərbaycan və Türkiyə arasında bütün əməkdaşlıq istiqamətlərini əhatə edən mütərəqqi mexanizm olmaqla bərabər, bütövlükdə bölgənin gələcək geosiyasi kursunu müəyyən edən yol xəritəsi kimi baxmalıyıq. Elə cənab İlham Əliyevin də böyüklüyü ondadır ki, çox mürəkkəb geosiyasi coğrafiyada belə bir mexanizmin imzalanmasına və digər 3-cü tərəflərin bu reallığı qəbul etməsinə nail olub.
Bəli, ilk növbədə aydındır ki, Bəyannamədə Ankara ilə beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi, iqtisadi, ticari münasibətlər, o cümlədən mədəniyyət, təhsil, idman, gənclər siyasəti kimi bir çox önəmli məsələlər öz əksini tapıb. Lakin, heç şübhəsiz ki, daha çox nəzərə çarpan yaxud, diqqət yetirməli olduğumuz məqam müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləridir.
Ermənistanın məğlubiyyəti ilə barışmayaraq yeni reallıqları qəbul etmək istəməyən üçüncü tərəflər üçün 5-ci nəsil müharibəni qələnə ilə başa vurmuş yeni güc olan Azərbaycanın və Avroasiyanın yeni favoriti Türkiyənin bundan sonra da hər zaman bir yerdə olacağı və bir-biriminin təhlükəsizliyini təmin edəcəyini rəsmən bəyan etməsi çoxları üçün ciddi çəkindirici siqnal oldu. Beləliklə də, necə ki, cənab İlham Əliyev döyüş meydanında müzəffər Komandan kimi qələbəyə nail oldu, elə də diplomatiyada da düşmənin havadarlarını pat vəziyyətinə qoydu. Digər tərəfdən, müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri barədə aydın yol xəritəsi müəyyən edilməklə, Ankara-Bakı tandeminin müddətsiz, güclənən xətt üzrə inkişaf edən müttəfiqlik olduğu mesajı verildi. Təbii ki, birlikdə verilən mesajlar önəmlidir, lakin, ondan da önəmlisi bu mesajların realizəsi istiqamətində fəaliyyətdir.Ötən bir ilik periodu təhlil edərkən, Azərbaycan və Türkiyə Prezidentlərinin bu fəaliyyətə sadiqliyi mənzərəsinin şahidi oluruq. Yəni, bəyanatı kifayət qədər ciddi fəaliyyətə çevirmək mümkün olub. Azərbaycanda Türkiyə ordusunun kiçik, lakin daha mütərəqqi modelinin yaradılması istiqamətində həlledici hərbi islahatlar aparıldı. Ən müasir müdafiə sənayesi məhsullarının istehsalına başlanıldı ki, təbii ki, bu barədə ictimaiyyətə detallı məlumat verilə bilməz. Habelə, başda Qarabağ və Şərqi Zəngəzurda quruculuq-bərpa prosesi olmaqla, Ankara və Bakı tam mənada vahid hərəkət nümunəsi ortaya qoydu. Daha dəqiq desək, Ümummilli Liderin "Bir millət iki dövlət" ideyasını cənab İlham Əliyev Şuşa Bəyanatının icraatında tam mənada reallaşdıra bildi”.
Deputat sözlərinə belə davam edib: “Bəyannamədə diqqət çəkən digər vacib məqam, enerji təhlükəsizliyi məsələsidir ki, biz heç bir il ötmədən cənab İlham Əliyevin siyasi uzaqgörənliyinin bir daha şahidi olduq. Qərbin enerji ehtiyaclarının artığı bir dönəmdə, Ruaiya-Ukrayna münaqişəsi fonunda Cənub Qaz Dəhlizinin yalnız Türkiyə və Azərbaycan üçün deyil, bütövlükdə Avropa üçün önəmi daha aydın formada göründü. Prezident İlham Əliyev sərrast hədəflər müəyyən etməklə Azərbaycanın Avropa üçün xilas dəhlizinə çevrilməsinə nail oldu.
Prezident İlham Əliyevin digər mühüm addımı bəyannamə imzalandıqdan sonra digər qonşuların narahatlığı üzərində qurulmuş bəzi spekuliyasiyalara kökündən son qoyması ilə bağlı oldu. Şuşa Bəyanatından ötən bir il ərzində, Rusiya nəinki Bakı ilə münasibətlərini soyuqlaşdırmadı, əksinə, cənab Putin Zəngəzur dəhlizi məsələsində rəsmi Bakı ilə həmfikir olduğunu dəfələrlə bəyan etdi, daha sonra isə Şuşa Bəyannaməsinə paralel olaraq Bakı ilə Moskva arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamə imzalandı.
Eyni zamanda, son bir ildə İranla münasibətlərdə tamamilə yeni bir səhifə açaraq, Tehranı cənubi Zəngəzur dəhlizinin iştirakçısına çevirməklə, həm Tehran-Bakə əlaqələrində yeni səhifə açmaqla, həm də Azərbaycan üçün alternativ imkan açmaqla cənab İlham Əliyev sözün əsl mənasında çoxlarına ustad dərsi keçdi.
Beləliklə, imzalanmasının birinci ildönümündə görünən odur ki, bu gün Şuşa bəyannaməsi güclənən Azərbaycan-Türkiyə qardaşlığını, daimi birliyini bütün dünyaya bildirən bir mesaj olmaqla bərabər, həm də regionun təhlükəsizliyini ehtiva edən keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır”.
Ayşən Vəli
173