2021-ci il iyunun 15-i Azərbaycan tarixinə əlamətdar gün kimi düşdü. Ən əsası isə, tariximizdə ilk dəfə olaraq Azərbaycan lideri xarici dövlətin başçısını Qarabağda – Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərində qarşıladı və Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması isə mühüm tarixi hadisə kimi yaddaşlarımıza həkk olundu. Prezident İlham Əliyev Şuşada mətbuata bəyanatı zamanı bildirdi ki, imzalanan birgə bəyannamə bizim gələcək iş birliyimizin istiqamətlərini göstərir. Şuşa Bəyannaməsinin məhz Azərbaycan xalqının Qurtuluş Günü - 15 iyun tarixinə və Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin xüsusi rəmzi mənası var. Təsadüfi deyil ki, Şuşada Türkiyə lideri ilə Bəyannamə imzalayarkən Azərbaycanın dövlət başçısı hər kəsin yadına Qars müqaviləsini saldı. O qeyd etdi: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır”.
Və təbii ki, Prezident İlham Əliyevin Qars müqaviləsinə və 100 il bundan əvvəl baş verənlərə istinad etməsi təsadüfi deyil. Çünki 100 il bundan əvvəl baş tutan proseslərə oxşar hallar, indi də təkrarlanmaqdadır. Sadəcə bir fərq ilə. Əgər o zaman hadisələrin nəticəsi Ermənistanın və onun havadarlarının xeyrinə başa çatmışdısa, bu gün Cənubi Qafqazda yaranmış yeni reallıq Azərbaycan dövlətinin və xalqının birbaşa qalibiyyəti deməkdir. Ölkəmizin başçısının apardığı uzaqgörən siyasət nəticəsində xalqımız düz 100 il sonra tarixi ədaləti bərpa etdi.
Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir. Hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinə, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənən saziş Bakı və Ankaranın başçılığı altında yeni regional geosiyasi konfiqurasiyanın qurulmasının başlanğıcıdır. Bu, regionda 200 ilə yaxın davam edən geosiyasi konfiqurasiyaların dağıdılması və bundan sonra Azərbaycan-Türkiyə tandeminin rəhbərliyi altında davam edəcək yeni regional düzənin başlanğıcı deməkdir. Çünki bu gün Azərbaycanla Türkiyə arasındakı münasibətlərin dünyada analoqu yoxdur. 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana qətiyyətli siyasi və mənəvi dəstəyi və qazanılan zəfər regionda yeni reallıqlar yaratdı. Bütün dünya bir daha Azərbaycan-Türkiyə qardaşlığının təntənəsinin şahidi oldu. Bu baxımdan, Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının və birliyinin yeni təsdiqi sayılan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi hər iki ölkə ilə yanaşı, region və dünya üçün də son dərəcə böyük əhəmiyyət kəsb edir. Həmçinin, imzalanmış Müttəfiqlik Bəyannaməsi iki ölkə arasında münasibətlərin ən yüksək zirvəyə çatmasının göstəricisidir. Eyni zamanda, Şuşa Bəyannaməsi Ermənistana və onun havadarlarına da mesajdır. Türk dünyasının iqtisadi, siyasi və mədəni birliyi bu bəyannamə ilə daha da sarsılmaz olacaq. Türkiyə və Azərbaycan arasındakı imzalanmış Şuşa Bəyannaməsi ilə təkcə iki qardaş ölkəni deyil, bütün türk dünyasını, eləcə də Şərqlə Qərbi birləşdirəcək Zəngəzur dəhlizinin açılması qətiləşdi və bu proses sürətləndiriləcək. Müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır. Regionumuz bu iki türk dövlətinin təşəbbüsləri ilə inkişaf edəcək. Bu isə o deməkdir ki, gələcəkdə bölgədə süni münaqişələrin yaradılması və ya alovlandırılması da daha mümkün olmayacaq. Şuşa Bəyannaməsi bölgədə sülh, sabitlik və firavanlıq üçün güclü bir çağırışdır. Və Şuşa Bəyannaməsi hər şeydən öncə iki qardaş ölkə arasında münasibətlərin gələcəyini müəyyənedən yol xəritəsi kimi də tarixə düşəcək. Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqlarımızın milli maraqlarını müdafiə edərək, onun mənafelərinin təmin olunması istiqamətində müstəqil xarici siyasət yürüdən iki böyük liderdir.
Göründüyü kimi, budur, çətin günün sınağından çıxmaq. Budur, bir millət, iki dövlət münasibəti. Doğrudur, bu gün Türkiyə kimi bir güclü dövlətin Azərbaycanla bir olması çox dövlətlərin qısqanclığına səbəb olub. Ancaq bir məqamı anlamaq lazımdır ki, Azərbaycan-Türkiyə illərin sınağından çıxmış, bu birlik möhkəmlənmişdir. Bu birliyi isə heç bir qüvvə sındıra bilməz! Sındıra da bilmədi. Ən əsası isə, Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir. Hər iki dövlət liderlərinin birliyi və həmrəyliyi, dövlət başçılarının bir-birinə “qardaşım” deyərək müraciət etmələri xalqlarımız üçün də, dünya birliyi üçün də nümunədir. Və 2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə prezidentlərinin işğaldan azad edilmiş Şuşada iki güclü liderlərin imzası ilə tarixi Şuşa Bəyannamisinin imzalanması və bu tarixi sənədin hər iki ölkənin parlamentində təsdiqlənməsi ilə Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin müttəfiqlik əsasında daha da inkişaf etdiyinin göstəricisidir. Çünki bu gün güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır. Bu, həm də onu göstərir ki, tarixi köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri əbədi və sarsılmazdır.
MƏŞHUR MƏMMƏDOV,
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü